Bazar ertəsi Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti Moskvada Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyanın 13-cü iclasında iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidməti məlumat verib.
İclasda parlamentlərarası komissiyanın Rusiya və Azərbaycan tərəfdən tərkibləri barədə, komissiyanın 2015-ci ildə fəaliyyətinin nəticələri və qarşıdakı vəzifələr, Azərbaycanla Rusiya arasında elmi-texniki əməkdaşlığın inkişafı üçün birgə parlament fəaliyyəti, növbəti 14-cü iclasın mövzusunun, keçirilmə vaxtının və yerinin müəyyən olunması və digər mövzularda müzakirələr aparılacaq.
Nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədri Arif Rəhimzadə, deputatlardan Rövşən Rzayev, Rüfət Quliyev, Sabir Hacıyev, Fuad Muradov və MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov daxildirlər.
İclas çərçivəsində V.Ələsgərovun Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşü keçiriləcək.
R.Babayev