Son iki ay ərzində 420-dən artıq əlilliyi olan vətəndaş dövlət xətti ilə Lənkəran və Şəkidə yerləşən istirahət mərkəzlərinə yola salınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin
məlumatına görə, bazar ertəsi 76 nəfər əlilliyi olan şəxs Lənkəran rayonundakı istirahət və sağlamlıq mərkəzinə istirahətə yola salınıb.
Nazirliyin qəbul etdiyi “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, son 2 ay ərzində əlilliyi olan 426 nəfər, o cümlədən 286 nəfər Lənkəran rayonuna, 140 nəfər isə Şəki rayonuna istirahətə göndərilib.
2015-ci il ərzində ümumilikdə 1 min nəfərdən artıq əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarında istirahətinin təşkili nəzərdə tutulub.
Xüsusi proqram çərçivəsində istirahət mərkəzlərində əlilliyi olan vətəndaşlar üçün müxtəlif idman yarışlarının, musiqili-əyləncəli tədbirlərin təşkili, tarixi və görməli yerlərə gəzinti turları, həmçinin həmin şəxslərin fizioterapevtik müalicə proseduralarına cəlb olunması nəzərdə tutulur.
R.Babayev