Kaliforniya ştatının Qərbi Hollivud şəhəri 28 may 2015-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib və şəhər sakinlərini bu bayramı qeyd etməyə çağırıb. Bu barədə Azərbaycanın LosAnceles şəhərindəki Baş Konsulluğu məlumat verir.
Bununla bağlı şəhər meri Lindsey Horvath və şəhər şurasının üzvləri tərəfindən müvafiq bəyannamə qəbul edilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika təsis etdiyi və İslam dünyasında ilk dünyəvi parlamentli respublika qurduğu bildirilir. Həmçinin qeyd olunur ki, bu respublika ABŞ və digər demokratik dövlətlər tərəfindən tanınmışdı.
Bununla yanaşı, Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına əsasən, ABŞ-ın Luiziana ştatının Senat və Nümayəndələr Palatasının üzvlərinin iştirakı ilə paytaxt Baton Ruj şəhərində Azərbaycanın Respublika Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə ştat qubernatorunun müavini Elbert Li Qullori Əfqanıstandakı hərbi əməliyyatlar zamanı məhz Azərbaycanın roluna görə yüzlərlə ABŞ əsgərinin həyatının xilas olduğunu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğulayaraq, göstərdiyi davamlı dəstəyə görə respublikaya minnətdarlığını ifadə edib.
F.İsazadə