Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda enerji effektivliyi olan layihələrin kreditləşməsi üzrə layihə (“Enerji krediti” layihəsi) çərçivəsində “Unibank”a kredit xətti açmağı planlaşdırır. Bu barədə AYİB-in Şərqi Avropa və Qafqaz ölkələri üzrə icraçı direktoru Fransis Maliq «The Business Year» (TBY) jurnalına müsahibəsində bildirib.
“Azərbaycanda artıq 3 bank - “Dəmirbank”, “Muğanbank” və “Accessbank” bu layihəyə qoşulub. “Unibank” yaxın vaxtlarda layihəyə qoşulan növbəti bank olacaq”, - deyə F.Maliq qeyd edib.
AYİB 2014-cü ilin noyabr ayında Azərbaycanda enerji effektivliyi olan layihələrin kreditləşməsi məqsədilə $125 mln. məbləğində kredit xəttinin açılmasını nəzərdə tutan “Enerji krediti” layihəsini istifadəyə verib.
Layihə Azərbaycanda kiçik və orta müəssisələr, yerli şirkətlər və ev təsərrüfatları arasında enerji resurslarının istehlakının yaxşılaşmasına yönəlib.
Bu mexanizm 2007-ci ildə istifadəyə verilən “Qafqaz Enerji Effektivliyi Proqramı”nın (CEEP) bir hissəsidir.
AYİB yerli banklar, şirkətlər və ev təsərrüfatlarına dəstək məqsədilə bir qrup beynəlxalq məsləhətçi cəlb edib. Bu yardım şirkətlərə və ev təsərrüfatı sahiblərinə qeyri-effektiv avadanlıq və texnologiyalardan enerji effektivliyi daha yüksək olan obyektlərə keçid etməyə imkan yaradacaq ki, bu da nəticə etibarilə uzun zaman ərzində elektrik enerjisi xərclərinin azalmasına səbəb olacaq.
Azərbaycan 1992-ci ildən etibarən AYİB-in üzvüdür.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın nizamnamə kapitalında 66,21% fiziki şəxslərə, 33,79% hüquqi şəxslərə, 12,15% AYİB-ə, 6,68% DEG-ə (Almaniya) məxsusdur.
A.Axundov