Azərbaycan Qarabağ münaqişəsinə münasibətdə Avropa İttifaqının aydın və birmənalı mövqeyinin ifadə olunmasını gözləyir. Bu barədə Xarici İşlər Nazirliyinin “Şərq Tərəfdaşlığı” proqramının Riqada keçirilən zirvə toplantısının yekun bəyanatı ilə əlaqədar xüsusi rəyində deyilir.
“Azərbaycan Respublikası Ermənistan-Azərbaycan hərbi münaqişəsinə münasibətdə Avropa İttifaqının aydın və birmənalı mövqeyinin ifadə olunmasını gözləyir”, - deyə xüsusi rəydə bildirilir.
“Avropa İttifaqının bütün tərəfdaş dövlətlərin suverenliyi və ərazi bütövlüyünə dəstəyini nəzərə alaraq, Azərbaycan Respublikası bu prinsiplərin toxunulmazlığına kölgə salmaq cəhdlərini qeyd etməyə bilməz”, - deyə sənəddə vurğulanır. Qeyd edilir ki, bəzi tərəfdaş dövlətlərə təsir edən münaqişələrə dair güzəştli mətnin hazırlanması cəhdlərində bəyanat layihəsinin müəllifləri beynəlxalq təcrübədə “ikili standartlar” adlanan məqamdan yan keçə bilməyiblər.
Sənəddə deyilir ki, Azərbaycan avropalı tərəfdaşların “Şərq Tərəfdaşlığı”nın gündəliyində olan məsələlərin tam şəkildə bu bəyanat vasitəsilə əhatə edilməsi cəhdlərini qeyd edir.
“Azərbaycan Respublikası Avropa İttifaqının ziddiyyətli üslubdan yan keçərək, həssas və təhdid doğuran məsələləri cavablandırmaq cəhdlərini alqışlayır. Amma Azərbaycan Respublikası bəzi məsələlərin kompromis mövzusu ola bilməyəcəyini vurğulayır. Belə ki, bir sıra Şərq Tərəfdaşlığı ölkələri hərbi işğal, etnik təmizləmə və əhalinin zorla öz torpaqlarından qovulması ilə nəticələnərək xaricdən tətbiq edilən silahlı münaqişələr və ərazi iddiaları ilə üzləşirlər.Bu münaqişələr beynəlxalq hüququn fundamental norma və prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin kobud şəkildə pozulması səbəbindən irəli gəlir və müşayiət olunur. Bu prinsiplər qlobal və Avropa qitəsi səviyyəsində dövlətlərarası münasibətlərin və beynəlxalq təhlükəsizlik sisteminin özəyini təşkil edir”, - deyə bəyantda vurğulanır.
XİN qeyd edir ki, Qarabağ münaqişənin həllinin əsasını Azərbaycanın ərazi bütövlüyü və suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən və Azərbaycanın bütün işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884(1993) saylı qətnamələri təşkil edir.
“Azərbaycan Avropa İttifaqı tərəfindən bu qətnamələrə ciddi şəkildə riayət edilməsi və onların həyata keçirilməsinin təmin edilməsi istiqamətində birmənalı və qəti addımların atılmasını gözləyir”, - deyə bəyantda vurğulanır.
Y.Əliyev, F.İsazadə