“Azərpoçt” MMC (milli poçt operatoru) yeni imicinin pilot region üzrə formalaşdırılması kampaniyasının həyata keçirilməsi üzrə məsləhətçi seçir.
Seçimin şərtlərinə əsasən, məsləhətçinin göstərdiyi xidmətlərə 3 ay ərzində pilot region üzrə 7 poçt vasitəsi ilə “Azərpoçt” MMC-nin yeni imicinin formalaşdırılması sahəsində texniki yardımın göstərilməsi, əhali arasında brend məlumatlılığı və MMC-nin xidmətləri haqda pilot region üzrə sorğunun keçirilməsi, eləcə də 3 ay ərzində “Rebrandinq” kampaniyasının hazırlanması və keçirilməsi daxildir.
Məsləhətçinin öhdəliklərinə, həmçinin “Azərpoçt” MMC-nin hazırkı marketinq planının nəzərdən keçirilməsi, satış, reklam üçün spesifik və ölçülə bilən meyarlar müəyyənləşdirməklə MMC-nin marketinqinin gücləndirilməsi məqsədi ilə yenilənmiş strategiyasının hazırlanmasında dəstəyin göstərilməsi daxildir.
Məsləhətçilər kampaniya ərzində 5 ay müddətində Azərbaycanda olmalıdırlar.
Məsləhətçilər Dünya Bankının məsləhətçi təlimatında göstərilmiş qiymət və keyfiyyət əsasında seçim üsuluna uyğun olaraq seçiləcək. Bu layihə üçün maliyyələşmə İsveçrənin İqtisadi Məsləhətlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən təmin olunacaq.
Maraqlı olan məsləhətçilər bu xidmətləri göstərmək üçün tələb olunan ixtisas göstəriciləri və müvafiq təcrübəyə malik olduqlarını əks etdirən məlumatları “Azərpoçt MMC-yə təqdim etməlidirlər.
Dünya Bankı 2011-ci ilin mart ayında Azərbaycana “Kapital bazarlarının modernləşdirilməsi” layihəsinin həyata keçirilməsi üçün $12 mln. məbləğində kredit ayırıb. Layihənin ümumi dəyəri $15,8 mln.-a bərabərdir. DB-nin kreditindən başqa, SECO layihənin həyata keçirilməsi üçün $1,6 mln. qrant, Azərbaycan hökuməti $2,2 mln. vəsait ayırıb.
“Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdudlaşdırılmış lisenziya verib.
N.Abbasova