İclasda çıxış edən dövlət ittihamçısı bildirib ki, istintaq Suriya, İraq və Pakistanda İŞİD terrorçu qruplaşmasının sıralarında döyüşlərdə iştirak etməkdə ittiham olunan Ruslan Mustafayev, Tural Həsənov, Tariyel Musatafayev, Namiq Məmmədov, Elvin Əliyev və Fərid Muradovun təqsirini sübuta yetirib O, müttəhimlərin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.Bakı Ağır Cinayətlər Məhkəməsində xarici ölkələrdə qanunsuz hərbi birləşmələrin sıralarında hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan vətəndaşlarının işi üzrə məhkəmə prosesində bu şəxslərin uzun müddətə həbs cəzasına məhkum edilməsini tələb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmənin dəftərxanasından məlumat verilib.
Məhkəmənin növbəti iclası mayın 29-na təyin edilib.
Yuxarıda adları çəkilən şəxslər 2014-cü ilin sentyabr ayında silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərin törədilməsində şübhəli bilinərək həbs olunmuş 26 Azərbaycan vətəndaşı arasında olublar.
Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) və 170.3-cü (yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə) maddələri ilə cinayət işləri başlanılıb.
Aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsi İŞİD-in və digər qanunsuz hərbi birləşmələrin sıralarında hərbi əməliyyatalarda iştirak etmiş Firdovsi Yusifovu 11,5 il, Taleh Soltanovu 7,5 il, Nicat Abbasovu 14 il, Hüseyn Məmmədovu 15 müddətinə azadlıqdan məhrum edib.
F.İsazadə