Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, Riqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində Avropa İttifaqının nümayəndələrinə strateji tərəfdaşlığa dair sazişin yeni mətnini təqdim edib.
“Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini ikitərəfli sazişlər səviyyəsində qurur. Azərbaycan və Aİ arasında strateji tərəfdaşlığa dair son sazişin mətnini Riqada Aİ-nin Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hana (Avropa Komissiyasının üzvü - İF) və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə təqdim etmişəm”, - deyə E.Məmmədyarov RF XİN başçısı Sergey Lavrovla Moskvada danışıqların yekunları üzrə bildirib.
Bununla yanaşı, Azərbaycan XİN başçısı qeyd edib ki, Bakı Aİ ilə münasibətləri ikitərəfli və bərabər hüquq əsasında inkişaf etdirmək niyyətindədir.
“Bütövlükdə hesab edirəm ki, Aİ ilə münasibətlərin ikitərəfli inkişafı ilə bağlı seçdiyimiz yol enerji, nəqliyyat və investisiya tərkib hissələrindən ibarət olaraq bir çox parametrlərlə əsaslandırılıb”, - deyə E.Məmmədyarov bildirib.
Azərbaycanlı nazirin sözlərinə görə, “Brüsselə təqdim olunan strateji tərəfdaşlığa dair sazişin mətni, ilk növbədə bərabər hüquqlu və qarşılıqlı faydalı müqavilədir”.
“Avropa İttifaqı ilə münasibətləri elə bu çərçivədə quracağıq”, - deyə o əlavə edib.