Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmkarı İlham Əliyevi və Azərbaycan xalqını 28 May Respublika Günü münasibətilə təbrik edib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“Qardaş Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi və əziz qardaşımın şəxsində bütün Azərbaycan xalqını millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm”, - deyə R.T.Ərdoğanın təbrik məktubunda deyilir.
Türkiyə prezidenti qeyd edir ki, Ankara müstəqilliyinin bərpasından sonra tarixi baxımdan ötən qısa müddət ərzində Azərbaycanın parlaq inkişafını və əldə etdiyi nailiyyətləri böyük məmnuniyyət və qürurla izləyir.
“Müdrik siyasətiniz sayəsində bu gün Azərbaycan regionda mühüm güc və cazibə mərkəzinə çevrilib”, - deyə Türkiyə prezidenti vurğulayır.
Onun sözlərinə görə, Ankara və Bakı arasında əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq platformalarda dərinləşdirilməsi ölkələri bütün sahələrdə daha da gücləndirir.
“Əminəm ki, bu ortaq hədəfə əsaslanmaqla atacağımız müştərək addımlarla ikitərəfli əlaqələrimizi qardaş xalqlarımızın xeyrinə olmaqla daha yüksək səviyyəyə çatdıracağıq”, - deyə Türkyə dövlətinin başçısı qeyd edib.
R.T.Ərdoğan iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı səfərindən məmnunluq duyduğunu bildirib.
F.İsazadə