Mərkəzi Seçki Komissiyası (MSK) hazırda ölkədə olan seçicilərin dəqiq sayını müəyyənləşdirir və iki gündən sonra bu barədə dəqiq məlumat verəcək. Bu barədə MSK sədri Məzahir Pənahov bazar ertəsi komissiyanın iclasında açıqlama verib.
“Seçicilərin siyahısının dəqiqləşdirilməsi prosesi başa çatmaq üzrədir. Azərbaycanda bu proses hər ilin yanvar ayında başlayır, may ayının sonunda başa çatır”, - deyə MSK sədri qeyd edib.
Onun sözlərinə görə, demək olar ki, bütün dairə seçki komissiyaları öz məlumatlarını MSK-ya təqdim ediblər.
“Mayın 27-də seçicilərin dəqiq sayı məlum olacaq. Biz hər il müasir texnologiyalardan istifadə etməklə seçicilərin dəqiq sayının müəyyən olunması prosesini təkmilləşdirməyə çalışırıq. İndi seçicilərin siyahısının dəqiqləşdirilməsinin son mərhələsi həyata keçirilir. İşlər lazımi səviyyədə aparılır”, - deyə M.Pənahov qeyd edib.
MSK sədri vurğulayıb ki, seçici siyahılarının dəqiqləşdirilməsi 2015-ci ilin I yarısında MSK qarşısında duran əsas məsələdir.
“İlin ikinci yarısında biz cari ilin payızında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı fəaliyyət planını həyata keçirməyə başlayacağıq”,- deyə M.Pənahov qeyd edib.
İclasda, həmçininMSK-nın bəzi normativ xarakterli aktlarına, nəzarət-təftiş xidmətinin, eləcə də bir neçə dairə seçki komissiyasının tərkibinə dəyişikliklər təsdiq edilib.
R Babayev