Azərbaycan İsraili çox vacib müttəfiq və strateji tərəfdaş olaraq görür. Bu sözləri Azərbaycan prezidentinin müşaviri Əli Həsənov İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Biz bütün dünya ölkələri ilə maraqlarımıza uyğun olaraq münasibətlər qururuq”, - deyə İsrailin “The Jerusalem Post” qəzeti Ə.Həsənova istinadən yazır. Onun sözlərinə görə, Azərbaycan ikitərəfli münasibətlərdə problemləri olan ölkələrlə də əməkdaşlıq edir. Məslən, ABŞ və Rusiya, İsrail və İran, eləcə də İsrail və Türkiyə ilə.
Ə.Həsənov bildirib ki, Azərbaycan və İsrail bu gün qabaqcıl texnologiyalar və müdafiə sahələri də daxil olmaqla, bir çox sahələrdə əməkdaşlıq edir, respublikada 2,5 min ildən çox tarixə malik yəhudi icmasının olması isə ikitərəfli əlaqələri daha da möhkəmləndirir.
“The Jerusalem Post”, həmçinin İsrailin xarici işlər naziri Aviqdor Libermana istinadən iki ölkə arasında ticarət dövriyyəsinin $5 mlrd.-ı üstələdiyini yazaraq, bunun Fransa ilə mal dövriyyəsinin həcmindən çox olduğunu bildirib.
Məqalədə qeyd edilir ki, bu gün Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzində Holokost qurbanlarının beynəlxalq anım gününə həsr olunmuş tədbir keçirilib. Bu, islam ölkəsində qeyd olunan bu cür çox azsaylı tədbirlərdən biridir.
F.Hüseynzadə