“Bank Technique” ASC Məsafəli Bankçılıq Xidmətlərinə "Asan İmza" mobil elektron imza texnologiyasını inteqrasiya edir. Bu barədə bankdan məlumat verilib.
Mayın 25-də bankda keçirilən toplantıda “Bank Technique”in Müşahidə Şurasının sədri Rövşən İsmayılov istifadəyə verilən xidmətlərə yüksək marağın olduğunu bildirərək, yeni texnologiyaların tətbiqinin vacibliyini bildirib.
İclasda "Asan İmza"nın “Technique Online”, “Technique Mobile” və “Technique ID” sistemlərində testlərinin uğurla həyata keçirildiyi bildirilib, tam istifadəyə hazır olduğu vurğulanıb.
“Asan İmza" texnologiyası məsafəli bankçılıq xidmətlərinin imkanlarını genişləndirməklə, displey-kartlarla yanaşı, eyniləşdirmə sahəsində rahatlığı və təhlükəsizliyi təmin edəcək. Yeni texnologiya gələn həftədən etibarən tətbiq olunacaq”, - deyə məlumatda vurğulanır.
“Bank Technique” (əvvəllər “Texnikabank”) ASC 1994-cü ildə yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir.
A.Axundov