Bakı “Şərq Tərəfdaşlığı”proqramı çərçivəsində Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin hər biri ilə münasibətlər qurmaqla Aİ ilə münasibətlər yaratmaq niyyətindədir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Rossiya 24” telekanalına müsahibəsində bildirib.
“Azərbaycanı Aİ ilə assosiasiya sazişi qane etmir, ilk növbədə ona görə ki, biz Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik, buna görə də azad ticarət zonası Azərbaycana şamil edilə bilməz”,- deyə o qeyd edib.
Nazir qeyd edib ki, bu günlərdə Riqada keçirilmiş “Şərq Tərəfdaşlığı” sammitində Aİ ilə qarşılıqlı münasibətlər quran üç qrup dövlət müəyyən edilib.
“Birinci qrup dövlətlərə Ukrayna, Gürcüstan və Moldova daxildir, onlar Aİ ilə münasibətlərini azad ticarətə dair saziş də daxil olmaqla, assosiasiya sazişi səviyyəsində müəyyənləşdiriblər”, - deyə XİN başçısı vurğulayıb.
İkinci qrupa Belarus və Ermənistan daxil olub ki, bu dövlətlərin Aİ ilə münasibətləri Avrasiya İqtisadi İttifaqına üzvlük çərçivəsində müəyyənləşdirilib.
Üçüncü qrupa tək lidervə Aİ ilə öz münasibətlərini ikitərəfli münasibət prizmasından müəyyənləşdirən Azərbaycan daxildir”,- deyə E.Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, Aİ rəhbərliyinə Bakının maraqlı olduğu strateji tərəfdaşlıq sazişinin layihəsi təqdim edilib.
“Bu, Azərbaycan və Aİ arasında ilk növbədə bərabərhüquqlu və qarşılılqlı hörmət xarakteri daşıyan ikitərəfli sənəddir. Azərbaycan Aİ-nin 10-a yaxın dövləti ilə belə sənədlər imzalayıb”,- deyə nazir diqqətə çatdırıb.
E.Məmmədyarov deyib ki, Aİ-nin Azərbaycanın təşəbbüsünə necə münasibət göstərəcəyi Brüsseldən asılıdr, Azərbaycan üçün bu, texniki məsələdir.
“Biz artıq öz strategiyamızı müəyyən etmişik. Bu strategiya Aİ ilə strateji əməkdaşlıq qurmaqdan ibarətdir, yəni biz 10 dövlətlə apardığımız işi 28 dövlətlə aparacağıq. Və burada əsas məqam ondan ibarətdir ki, bu əməkdaşlıq bərabərhüquqlu olmalıdır”,- deyə XİN başçısı qeyd edib.
Y.Əliyev