Azərbaycanda sahibkarlar tikinti materialları istehsalı müəssisələrinin yaradılması üçün Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə 72 mln. manat məbləğində güzəştli kredit alıblar. Bu barədə “İnterfaks- Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“Ayrılan vəsaitlər hesabına tikinti materiallarının istehsalı üzrə 21 müəssisənin yaradılması və onların ən müasir avadanlıq və texnologiyalarla təchiz edilməsi planlaşdırılır. Hazırda Almaniya, İtaliya, Türkiyə və digər ölkələrin istehsalı olan avadanlıqla təchiz edilmiş 18 müəssisə işə salınıb”, - deyə məlumatda bildirilir.
SKMF-in güzəştli kreditləri hesabına tikinti materialları istehsalı müəssisələrinin yaradılması Azərbaycan prezidentinin tapşırığı əsasında həyata keçirilir.
“Belə müəssisələrin fəaliyyəti ən yüksək standartlara cavab verən tikinti materiallarının müxtəlif növlərinə tələbatı ödəməyə imkan verəcək.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib.
N. Abbasova