Azərbaycanda seçicilərin sayı 5 mln. 93 min nəfəri ötür. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
“Azərbaycanda 5 mln. 93,289 min nəfərin səs vermək hüququ var”, - deyə MSK sədri çərşənbə günü bildirib.
Onun sözlərinə görə, Azərbaycan üzrə seçici siyahılarının dəqiqləşdirilməsi və hazırlanması prosesi yanvar-may aylarında başlayıb.
“Aprel ayının əvvəlindən dairə seçki komissiyaları seçicilərlə bağlı müvafiq məlumatları MSK-ya göndərməyə başlayıblar”,- deyə M.Pənahov qeyd edib.
MSK sədri qeyd edib ki, Azərbaycanın seçki proseslərindəki təcrübəsi müxtəlif ölkələrdə geniş öyrənilir.
“Azərbaycanda seçki hüququ olan hər bir vətəndaş kiməsə səs verə və ölkədə keçirilən seçkilərdə seçilə bilər. Azərbaycanda vətəndaşların Konstitusiyada nəzərdə tutulan seçki hüquqlarının təmin edilməsi məqsədi ilə addımlar atılır”,- deyə M.Pənahov bildirib.
Onun sözlərinə görə, əgər vətəndaşlardan kimsə adını seçici siyahısında tapa bilməsə, bu, onun seçkilərdə səs vermək hüququnu məhdudlaşdıra bilməz.
“Hətta səsvermə günü seçici öz adını seçici siyahısında tapa bilməsə, bu, onun seçkilərdə iştirakına mane ola bilməz. Vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra onun adı əlavə siyahıya salınır və o, səsvermədə iştirak edir”,- deyə MSK sədri qeyd edib.
M.Pənahov seçici siyahılarının hazırlanması prosesini yüksək qiymətləndirib və payızda parlament seçkilərinin keçirilməsinin gözlənilməsi ilə əlaqədar olaraq 2015-ci ilin böyük əhəmiyyət daşıdığını söyləyib.
MSK əməkdaşları iclasdan əvvəl jurnalistlər üçün tədbir təşkil ediblər. Tədbirdə KİV nümayəndələri seçici siyahılarının hazırlıq prosesi ilə tanış olublar.
Komissiyanın əməkdaşları mətbuat nümayəndələrinə MSK-nın saytına daxil olmaqla seçici siyahısında öz adlarını necə tapa biləcəklərini göstəriblər. Bundan başqa, Azərbaycan vətəndaşları öz adlarını seçici siyahısında tapa bilməyəcəkləri təqdirdə hara müraciət etməli olmalarına dair təlimatlar verilib.
R.Babayev