Azərbaycanda ən yaşlı seçici XIX əsrdə anadan olub. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
“Azərbaycanda ən yaşlı seçici 1888-ci ildə anadan olan Bayramova Süfü Mikayıl qızıdır. Onun 127 yaşı var, Zərdab rayonunda yaşayır və üç əsrin şahididir”, - deyə M.Pənahov çərşənbə günü MSK-nın iclasında vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda 100-dən çox yaşı olan cəmi 701 seçici var, onlar seçicilərin ümumi sayının 0,01%-ni təşkil edirlər.
“Azərbaycanda 5 mln. 93 min 289 nəfər səsvermə hüququna malikdir. Onların 2 mln. 632 min nəfəri və ya 51,7%-i qadınlar, 2 mln. 460 min 328 nəfəri və ya 48,3%-i kişilərdir”, - deyə MSK sədri qeyd edib.
M.Pənahov bildirib ki, Azərbaycanda 27-35 yaş arası seçicilərin sayı 1 mln. 59 min 738 nəfər (seçicilərin ümumi sayının 20,8%-i), 46-50 yaş arası seçicilərin sayı 1 mln. 39 min 868 nəfər (20,4%) təşkil edir.
R.Babayev