Şəmkirin Bayramlı və Muxtariyyə kəndlərinə qaz xətlərinin çəkilişi yekunlaşıb və yaxın zamanlarda əhali mavi yanacaqdan istifadə edə biləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Bundan sonra Şəmkirin mavi yanacaq sarıdan əziyyət çəkən Miskinli, Çaylı, Günəşli, Yuxarı Çaykənd, Qaraqocalı, Mehrlili və Qaralar kəndlərinin qazla təmin olunması istiqamətində işlərə start veriləcək. Rayon mərkəzində isə istismara yararsız boru xətləri dəyişdirilir”, – deyə Şəmkir Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Fikrət Mehdiyev bildirib.
Gələn ilə kimi tam olaraq qazlaşdırılması yekunlaşdırılacaq Şəmkir rayonunda pilot layihə də həyata keçirilir.
“Pilot layihə əsasında smart-kart tipli sayğaclar quraşdırılır. Bu günə kimi 3 min abonent elektron tipli sayğaclarla təmin olunub”, – deyə baş mühəndis qeyd edib.
Xatırladaq ki, Şəmkirdə 35,5 min abonent mavi yanacaqdan istifadə edir və ümumilikdə abonent qrupunun 1,5 mln. manat debitor borcu var.
F.Mehdiyev