Milli Məclisin cümə günü keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvlərinin siyahısı təsdiq edilib. Bu barədə “ İnterfaks-Azərbaycan” agentliyinin müxbiri iclasdan məlumat verir.
Yeni üzvlər Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətlərini təmsil edirlər.
Sahibkarlar Şurası tərəfindən irəli sürülən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalovun, gənclər təşkilatları tərəfindən irəli sürülən “İRƏLI” İctimai Birliyinin nümayəndəsi Mirhəsən Seyidovun, qadın cəmiyyətləri tərəfindən irəli sürülən Azərbaycan Jurnalistlər Qadınlar Assosiasiyasının sədri Sevil Yusifovanın namizədliyi təsdiq edilib.
Yeni üzvlərin səlahiyyət müddəti 6 ildir. Onlar səlahiyyət müddəti başa çatmış Fuad Muradov, Namiq Məmmədov və Zərifə Salahovanı əvəz edəcəklər.
A.Axundov