Küveytdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısında Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarının işğalının davam etdirilməsi pislənilib. Bu barədə tədbirin yekunlarına dair XİN-in yaydığı məlumatında deyilir.
27-28 may tarixlərində Küveytdə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının “Tolerantlığın gücləndirilməsi və terrorizmdən imtina edilməsinə ortaq baxış” mövzusunda iclası keçirilib.
İclasın yekunları üzrə qəbul edilmiş bəyannamədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmət olunmasının əhəmiyyəti vurğulanır.
Sessiyada “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adı altında qəbul edilmiş qətnamədə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü kəskin şəkildə pislənilir, Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər insanlığa qarşı cinayət kimi qiymətləndirilir və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsi tələb edilir
Həmçinin qətnamədə Azərbaycana münaqişə zamanı dəymiş zərərin ödənilməsi üçün Ermənistandan təzminat tələb etmə hüququ tanınır və bu təzminatın ödənilməsi üzrə məsuliyyətin Ermənistan üzərinə düşdüyü qeyd olunur.
O cümlədən, bu sənəd vasitəsilə Həmçinin, qətnamədə Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğalın davam etdirilməsinin qarşısının alınması üçün İƏT-in üzv dövlətləri Ermənistana silah satmamağa çağırılırlar.
“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir.
Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd edilir.
İclas iştirakçıları Ermənistandan beynəlxalq turizm sərgiləri və tədbirlərdə Azərbaycan tarixinə və mədəniyyətinə aid olan irsin özününkü kimi təqdim etməsi fəaliyyətinə son qoymağı tələb ediblər.
Y.Əliyev