Avropa ölkələri Azərbaycanın strateji tərəfdaşları sırasına daxildir və 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Avropa Oyunları həmin münasibətləri daha da yaxınlaşdırmağa kömək edəcək. İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova belə hesab edir.
“Ölkəmiz üçün xarici münasibətlər çox mühümdür və Avropa Oyunları Avropaya daha bir qapı açır. Onlar (Avropa Oyunları - İF-Az) Avropa ölkələri ilə əlaqələri möhkəmləndirmək üçün daha bir imkandır”, - deyə o, Avropanın “EurActiv” nəşrinə bildirib.
Nazir müavininin sözlərinə görə, Bakının strateji tərəfdaşları arasında Avropa ölkələri əsasdır və Aİ-nin hər bir üzvü ilə münasibətlərin inkişafı Azərbaycan üçün vacib məsələdir. “Ümid edirik ki, həmin ölkələr iqtisadi qeyri-neft istehsalımızın əsas istiqaməti olacaqlar. Bu baxımdan, eləcə də nou-xauya çıxış əldə etmək nöqteyi-nəzərindən Aİ-y üzv ölkələrlə tərəfdaşlığa böyük diqqət ayırırıq. Biz çoxlu sayda maşın və avadanlıq və ya nanotexnologiya istehsal edən ölkə deyilik. Bu cür texnologiyalar bizə lazımdır və Avropa bu cür texnologiyaların daim inkişaf etdiyi yerdir. Bundan başqa, Azərbaycan Dövlət Neft Fondu Aİ-nin investorudur”, - deyə S.Həsənova qeyd edib.
F.Hüseynzadə