2015- ci ilin iyun ayının əvvəlindən AzMeCo şirkətinə məxsus Metanol zavodu öz fəaliyyətini bərpa edəcək. Bu barədə AzMeCo şirkətinin məlumatında şirkətin Direktorlar Şurasının sədri Nizami Piriyevə istinadən məlumat verilir.
Zavod 2015-ci ilin əvvəlində SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) tərəfindən təbii qaz nəqlinin olmaması ilə əlaqədar fəaliyyətini dayandırıb.
İllik istehsal gücü 720 min ton olan zavod təbii qazdan istifadə etməklə metil spirti istehsal edir. Artıq iyun ayının əvvəlindən başlayaraq zavoda təbii qazın verilməsi bərpa olunacaq və Metanol zavodu yenidən öz fəaliyyətini bərpa edəcək”,- deyə məlumatda qeyd edilir.
N.Piriyev bildirib ki, rəhbəri olduğu Azərbaycan Metanol Zavodunun tikintisi və fəaliyyət göstərməsi üçün Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit vəsaitləri üzrə ödəmələri gecikdirdiyinə görə başlanmış cinayət işi üzrə 8 may 2015-ci il tarixində həbs edilib.
“İstintaq dövründə kredit borclarımın bir hissəsini ödəmişəm, eləcə də kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm. Ona görə də haqqımda seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müraciətimə müvafiq qaydada Bakı şəhəri Nərimanov rayon məhkəməsində baxılaraq həbs qəti imkan tədbiri 28 may 2015-ci il tarixli qərarla ləğv edilib”,- deyə o bildirib.
N.Piriyev deyib ki, hazırda yenə də Metanol zavoduna rəhbərlik edir.
Azərbaycan Metanol Şirkəti (AzMeCo) mənzil qərargahı Azərbaycanda yerləşən, Rusiya, Niderland, Özbəkistan, Əfqanıstan və Türkiyədə fəaliyyət göstərən beynəlxalq şirkətdir.
Şirkət bütün beynəlxalq standartlarla sertifikatlaşdırılmış Metanol zavodunun Azərbaycanda yeganə mülkiyyətçisidir. AzMeCo şirkəti zavodun tikintisinə $500 mln.-a yaxın investisiya yatırıb.
N.Abbasova