Şəkinin Qudula kəndindəki müxtəlif şəxsi təsərrüfatlara vəhşi heyvanlar hücum edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Müxtəlif şəxsi təsərrüfatlara soxulan vəhşi heyvanlar ümumilikdə 50 başa yaxın xırdabuynuzlu heyvanı tələf edib. Canavarların kəndə hücumu ötən gecə saat 3-4 radələrində baş verib.
Rayon Baytarlıq İdarəsindən bildirilib ki, səhər oyanan kənd sakinləri təsərrüfatlarındakı qoyunlardan çoxunun vəhşi heyvanlar tərəfindən öldürüldüyünü görüblər. Ümumilikdə 4 şəxsi təsərrüfata ziyan dəyib. Kənd sakinləri vəhşi heyvanların hücumlarının artdığını bildiriblər.
Şəki Baytarlıq İdarəsinin əməkdaşları bu gün səhər saatlarından hadisə yerinə cəlb olunublar. Canavarların hücumuna məruz qalan təsərrüfatlara baxış keçirən baytarlar ölü heyvanların basdırılması və yaralıların müalicəsi barədə sakinləri təlimatlandırıblar.
Qeyd edək ki, bir müddət öncə Şəkinin Aydınbulaq kəndi də vəhşi heyvanların hücumuna məruz qalmışdı. Həmin vaxt 5 baş iribuynuzlu heyvan tələf olmuşdu.
İ.Əhmədov