Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Yardımlı rayonunun 4 dağ kəndinin su təchizatı bərpa edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Layihənin icrasına iki il əvvəl başlanılıb, lakin qeyd edilən yaşayış məntəqələrinin mürəkkəb relyef şəraiti ilə əlaqədar çətinliklər yaranıb.
6 min nəfər ümumi əhalisinin olduğu Osnəkəran, Bürzünbül, Vərgədüz və Bilnə kəndlərində 16 km uzunluğunda 225 mm diametrli borular çəkilib. Həmçinin hər biri 100 kubmetr tutumlu 2 və həcmi 500 kubmetr olan bir su çəni inşa edilib. Rayon mərkəzindən 15 km məsafədə yerləşən Sineyir kəndi ərazisində isə su anbarı inşa edilib.
Bundan başqa, Viləş çayının sağ sahilində yerləşən və 12 min nəfər əhalisi olan 18 yaşayış məntəqəsində daha 8 km boru xəttinin çəkilməsi planlaşdırılır.
G.Qənbərova