Moskvanın tərəfdaşları ilə münasibətləri sınaqdan keçdiyi bir vaxtda bu gün Azərbaycan-Rusiya əlaqələri xüsusilə intensiv inkişaf edir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Bu gün Rusiya ilə bir çox tərəfdaşlıq münasibətləri möhkəmlik sınağından keçdiyi bir vaxtda Azərbaycan və Rusiya arasında münasibətlər bütün sahələri əhatə edərək intensiv inkişaf edir. Əlaqələrimiz qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir”, - deyə E.Məmmədyarov “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan Rusiyadan ərzaq məhsulları, kənd təsərrüfatı xammalı, metal, oduncaq, avadanlıq, nəqliyyat vasitələri, sellüloz-kağız məmulatları idxal edir.
“Azərbaycanın Rusiyaya ixrac strukturunda mineral xammal, parçalar, pambıq, kənd təsərrüfatı məhsulları üstünlük təşkil edir. Azərbaycanda 500 Rusiya şirkəti qeydiyyata alınıb, onlardan 200-ü 100% Rusiya kapitallıdır, 300-ü isə birgə müəssisə formatındadır. Rusiyanın iri istehsalçıları və şirkətləri arasında “Qazprom”, “LUKoil”, “KamAZ” və “Bank VTB”ni qeyd etməliyəm”, - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, Bakı və Moskvanın terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə qarşılıqlı əlaqəsi “regionda sabitlik və təhlükəsizliyin təminatına mühüm töhfədir”.
E.Məmmədyarov əmindir ki, Azərbaycan və RF turizm sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərə malikdir.
“Rusiyadan gələn turistlərin sayı hər il artır. Rusiya vətəndaşlarının istirahəti üçün yaxşı şəraitimiz var, bu, yaxın yerləşmə və dil maneəsinin olmamasıdır”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, bu gün Rusiyanın ali məktəblərində 13 min azərbaycanlı tələbə təhsil alır, Azərbaycan Rus İcması isə Cənubi Qafqazda ən böyük icmadır.
“Mədəniyyət və təhsil sahəsini xüsusi qeyd etmək istərdim. Rusiyanın ali məktəblərində 13 min azərbaycanlı tələbə təhsil alır. Praktiki olaraq hər həftə Rusiyanın tanınmış kollektivləri Bakıda qastrollarda olurlar. Qarşılıqlı səfərlərin intensivliyi, Azərbaycan mədəniyyəti və mətbəxinin təbliği, ölkələrimiz arasında tələbə mübadiləsi bizi yalnız sevindirir. Qeyd edim ki, 120 min nəfərdən ibarət Azərbaycan Rus İcması Cənubi Qafqazda ən böyük icmadır. Onlar ölkənin inkişafına böyük töhfə verən layiqli Azərbaycan vətəndaşlarıdır”, - deyə E.Məmmədyarov vurğulayıb.
F.İsazadə