Azərbaycan prezidenti İlham Əliyev Transadriatik boru kəməri (TAP) layihəsinin Trans-Anadolu (TANAP) layihəsi kimi problemsiz həyata keçirilə biləcəyinə ümid etdiyini bildirib.
“Ümid edirəm ki, TAP-la bağlı heç bir problem olmayacaq. Bütün tərəflər məsuliyyət daşımalıdırlar, bu, bizim ümumi işimizdir”, - deyə İ.Əliyev Bakıda 22-ciBeynəlxalqXəzərNeft və Qaz sərgisinin açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, bu layihə həyata keçirilərkən iştirakçı dövlətlər yüksək qarşılıqlı etimad göstərərək əlaqəli şəkildə işləməlidirlər.
“Burada heç kim əlavə imtiyazlar istəməməlidir”, - deyən prezident əlavə edib ki, bütün razılaşmalar və öhdəliklər müvafiq sənədlərdə əks etdirilib.
Prezident ötən 21-ci sərgidə Azərbaycanın enerji strategiyasının həyata keçirilməsində tezliklə yeni uğurlar qazanılacağını söylədiyini xatırladıb və bu il ərzində “Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşdirilməsi ilə bağlı doğrudan da böyük dəyişikliklər baş verdiyini söyləyib.
““Cənub Qaz Dəhlizi” layihəsi artıq reallıqdır. O, artıq həyata keçirilir “,- deyə İ.Əliyev qeyd edib.
Prezident deyib ki, bu hesabla 22-ci sərgi olmasına baxmayaraq, ona maraq azalmır. O, xarici tərəfdaşlarla enerji əməkdaşlığının sağlam əsaslar üzərində qurulduğunu, SOCAR və BP şirkətlərinin artıq 20 ildən çox davam edən münasibətlərinin buna örnək olduğunu və bu əməkdaşlığın daha da inkişaf edəcəyini söyləyib.
F.Hüseynzadə