2015-ci ilin may ayında Vergilər Nazirliyi tərəfindən 5,325 min vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Məlumata görə, hesabat ayında 1,186 min vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 392 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 845 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq almadan məşğul olduğu müəyyən ediib.
Bundan başqa, 256 vergi ödəyicisi tərəfindən 535 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 254 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı,54 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.
A.Əzizov