İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyanın növbəti iclası 2015-ci ilin payızında Varşavada keçiriləcək. Bu barədə Polşanın baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskiçərşənbə günü Bakıda keçirilən mətbuat konfransında bildirib.“Hökumətlərarası Komissiyanın iclası çərçivəsində azərbaycanlı sahibkarların Polşa müəssisələrinə səfəri təşkil ediləcək”, - deyə Y.Peçoxinski bildirib.
O vurğulayıb ki, Polşa yaxın 2-3 il ərzində ticarət dövriyyəsini $1 mlrd.-a çatdırmağı nəzərdə tutur.
Nazir, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı sahəsində birgə müəssisələrin yaradılması imkanlarını qeyd edib. Bundan başqa, onun fikrincə, Polşa şirkətləri gələcəkdə kənd təsərrüfatı məhsullarının Avropaya ixracı məqsədilə məhsulların sertifikatlaşdırılması sahəsində Azərbaycan sahibkarlarına yardım edə bilərlər.
Y.Peçoxinski kənd təsərrüfatı, sənaye, informasiya və kommunikasiya texnologiyaları, energetika, ekologiya və digər sahələrdə birgə fəaliyyət üçün potensialın mövcudluğunu vurğulayıb.
A.Axundov