Azərbaycanda inklüziv təhsilin tətbiq edilməsi üzrə tədbirlər həyata keçirilir. Bu barədə təhsil naziri Mikayıl Cabbarov 11 nömrəli internat məktəbində təlim-tərbiyə alan məhdud fiziki imkanlı şagirdlərin əl işlərindən ibarət xeyriyyəsatış-sərgisinin açılış mərasimində qeyd edib.
“Yetişən nəslin tərbiyəsi və inkişafı dövlətimizin diqqət mərkəzindədir. Azərbaycanda uşaqların qayğı ilə təmin edilməsi, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsi siyasəti yürüdülür.”,- deyə nazir bildirib.
Onun sözlərinə görə, bu sahə böyüklərin üzərinə daha bir məsuliyyət qoyur.
“Təhsil sistemində təhsilli və sağlam gənclərin yetişdirilməsinə yönəlmiş ciddi institusional tədbirlər görülməlidir. Biz sağlamlıq problemləri olan uşaqlara daha diqqətlə yanaşmalıyıq. İnklüziv təhsil sisteminin tətbiqi özünə xüsusi yanaşma tələb edir, axı minlərlə uşaq ümumtəhsil məktəblərində təhsil ala bilmir”,- deyə nazir qeyd edib.
M.Cabbarov deyib ki, 2015-ci ilin sentyabr ayından Azərbaycanda ilk dəfə olaraq təhsil müəssisələrində inklüziv təhsilin tətbiqi üzrə pilot layihələr həyata keçiriləcək.
“Bu, sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası baxımından vacibdir. Bunun üçün xüsusi təlim proqramları hazırlanmalı və təkmilləşdirilməlidir”, - deyə nazir bildirib.
O, ənənəvi internat məktəblərinin ümumtəhsil məktəblərinə, lisey və gimnaziyalara transformasiyası üzrə dünya ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edib.
“Biz uşaqların ailələrə qayıtmasını və cəmiyyətə inteqrasiyasını təmin etmək üçün yollar axtarmalıyıq”,- deyə M.Cabbarov qeyd edib.
Hazırda Azərbaycanda 12 internat məktəbi peşə liseylərinə, ümumtəhsil məktəblərinə və gimnaziyalara transformasiya edilib. Bu proqram çərçivəsində iki internat məktəbi bağlanılıb. Cari ildə daha 7 internat məktəbinin transformasiyası nəzərdə tutulur.
Transformasiya olunması planlaşdırılan təhsil müəssisələrindən biri də 11 nömrəli internat məktəbidir.
Sərgidə qeyd edilib ki, uşaqların əl işlərinin satılmasından əldə olunacaq vəsait Bilgəh qəsəbəsindəki Qocalar evinin sakinlərinin yay istirahətinin təşkil edilməsinə yönəldiləcək.
R.Babayev