2015-ci il oktyabr ayının 15-də Bakıda 1-ci Azərbaycan dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət konfransı keçiriləcək. Bu barədə konfransın təşkilatçısı olan “Caspian Event Organisers” (CEO) şirkətinin məlumatında deyilir.
“Bu tədbirin məqsədi ölkədə mövcud olan cari vəziyyətin kompleks qiymətləndirilməsi, eləcə də sözügedən sahənin inkişaf etdirilməsi üçün dövlət, özəl və qeyri-hökumət təşkilatları arasında dialoq və əməkdaşlığın genişləndirilməsindən ibarətdir”,- deyə məlumatda bildirilir.
“Baku CSR Conference” dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində yerli və xarici metodların mənimsənilməsinə imkan yaratmaqla yanaşı, Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlər, habelə dövlət qurumları və ictimai təşkilatları təmsil edən mütəxəssis və nümayəndələrin toplaşdıqları məkana çevriləcək.
Debüt konfransda 300 nəfərdən artıq nümayəndə və təxminən 30 spikerin bir araya gələcəyi gözlənilir, belə ki, artıq ilk konfransın iştirakçıları arasında SOCAR, “Access Bank”, “Azercell”, “Coca Cola”, EY, “Holcim”, “Norm”, “Pasha Insurance” və “Saipem” şirkətlərinin nümayəndələri var. Həmçinin konfransın işində bir sıra nazirlik və digər dövlət orqanlarının, habelə konsultasiya şirkətləri, beynəlxalq təşkilatlar və xarici ekspertlərin iştirakı planlaşdırılır.
Konfransın əsas müzakirə mövzuları bunlardır: Dayanıqlı inkişaf konsepsiyası - qlobal təmayül və standartlar; Dayanıqlı inkişafın təşviqi üçün dövlətlər və biznes üçün proqram və layihələr; Yaşıl iqtisadiyyat, korporativ sosial məsuliyyətin biznesə təsiri; Sosial layihələrin həyata keçirilməsində QHT, dövlət və özəl sektor arasında əməkdaşlıq. Bundan başqa, təhsil, kənd təsərrüfatı, ekologiya, alternativ enerji və digər sahələrin dayanıqlı inkişafına dair tematik sessiyaların keçirilməsi planlaşdırılır.
A.Axundov