Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR, ARDNŞ) BP şirkəti ilə birgə 2016-cı ilin yanvar-fevral aylarında Neft Tullantılarının İdarəedilməsi Mərkəzini istifadəyə verməyi planlaşdırır. Bu barədə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynova cümə axşamı Bakıda keçirilən “Caspian Oil&Gas 2015” konfransında çıxışı zamanı bildirib.
Vitse-prezident xatırladıb ki, mərkəzin tikintisi SOCAR, qurğu və avadanlığın tədarükü BP şirkəti tərəfindən həyata keçirilir.
“Qurğuların tədarükünün cari ilin oktyabr ayına planlaşdırılması nəzərə alınaraq, mərkəzin tikintisi dekabr ayında başa çatacaq. Bu obyektin açılış mərasimi 2016-cı ilin yanvar-fevral aylarında baş tutacaq”, - deyə R.Hüseynova vurğulayıb.
Onun sözlərinə görə, Bakının Qaradağ rayonunda Neft Tullantılarının İdarəedilməsi Mərkəzinin istifadəyə verilməsi ilə qazma şlamlarının utilizasiyası problemi öz həllini tapacaq.
Mərkəz qazma və neft şlamlarının utilizasiyasını, lay sularının emalını həyata keçirəcək. Layihə 60-70 mln. manat dəyərində qiymətləndirilir.
N.Abbasova