SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və BP “Çıraq “ platformasında məşəldə yandırılan səmt qazının həcminin 2%-dən 1,6%-ə qədər azaldılması üçün strategiya hazırlayacaq. Bu sözləri SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə cümə axşamı Bakıda “Caspian Oil&Gas 2015” konfransında çıxışı zamanı bildirib.
“BP şirkəti kompressorların yenidən qurulması, lazımi qurğu və infrastrukturun tikintisi hesabına “Çıraq” platformasında məşəldə yandırılan səmt qazının həcmini 2%-ə qədər azaltmağa nail olub. Tezliklə SOCAR və BP “Çıraq” platformasında məşəldə yandırılan səmt qazının həcminin 1,6%-ə qədər azaldılması üçün layihə və strategiya hazırlayaraq GGF-in (The Green for Growth Fund) növbəti iclasında təqdim edəcəklər”,- deyə R.Hüseynzadə bildirib.
Onun sözlərinə görə, SOCAR 1-1,5 il ərzində lay sularının emalı və istifadəsi ilə bağlı məsələni həll etməyi planlaşdırır.
“Biz bir neçə qurğunu öyrəndik, ən yaxşı, keyfiyyətli və qiymətinə görə sərfəli olan Almaniya istehsalı qurğunu seçdik. Suraxanıda pilot layihə həyata keçirdik və lay sularının içməli su səviyyəsinə çatdırılana qədər emalına nail olduq. Hesab edirəm ki, ümumilikdə lay sularının emalı və istifadəsi məsələsini 1-1,5 il ərzində həll edə biləcəyik”, - deyə vitse-prezident qeyd edib.
N.Abbasova