Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında 60-a yaxın idmançımızın iştirakına ümid edir.
“Hazırda bizim boks və atletika (çəkic atma) üzrə iki lisenziyamız var”, - deyə MOK-un vitse-prezidenti “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan idmançıları iyunun 12-dən 28-nə qədər Bakıda keçiriləcək Avropa Oyunlarından “Rio-2016” Olimpiya Oyunlarına lisenziya qazana biləcəklər.
Rio Olimpiya Oyunlarında Azərbaycanın neçə idmançısının iştirak edəcəyinə dair sualı Ç.Hüseynzadə belə cavablandırıb: “Mənə belə gəlir ki, Bakıda keçiriləcək oyunlarda bəzi idmançılarımızın lisenziya qazana biləcəyini nəzərə alsaq, 60-a yaxın idmançı ola bilər”.
Onun sözlərinə görə, azərbaycanlı idmançılar ev sahibi hüquqlarından istifadə edərək bütün 20 idman növündə təmsil olunacaqlar. “Oyunlara 291 idmançımız qatılır. İdmançılarımızın hazırlıq səviyyəsinə gəlincə, onların Avropa Oyunlarında çıxışlarına dair proqnozlar nikbindir”,-deyə vitse-prezident qeyd edib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/641752 ünvanında tanış ola bilərsiniz.
R.Babayev