Son zamanlar Azərbaycanda meşələrin qırılması əhəmiyyətli dərəcədə azalıb. Bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov söyləyib.
“Ağacların kəsilməsi məsələsinin gündəmdə saxlanması yaxşı haldır. Son zamanlar respublikada ağacların kəsilməsi halları kəskin şəkildə azalıb”,- deyə H.Bağırov jurnalistlərə bildirib.
O qeyd edib ki, bu gün Azərbaycanda ağacların kəsilməsi artıq ciddi ekoloji problem deyil.
“Çünki demək olar ki, rayon mərkəzlərində meşələrdəki ağaclar yanacaq kimi istifadə olunmur. Digər tərəfdən, meşələrin mühafizəsi tədbirləri gücləndirilib, o cümədən inzibati tədbirlər öz müsbət nəticəsini verib”,- deyə nazir qeyd edib.
H.Bağırov mebel hazırlayan müəssisələrlə də bağlı fikir bildirib. Onun sözlərinə görə, bu müəssisələrdə yerli oduncaqdan istifadənin səmərəsiz olduğunu başa düşüblər.
“Buna görə də onlar bundan imtina ediblər. Bu müəssisələr istehsalı ölkəyə gətirilən materiallar əsasında qurublar. Bunun nəticəsində meşələrin qırılması tendensiyasının azalması müşahidə olunur”, - deyə nazir bildirib.
H.Bağırov meşələrin qırılmasının iki əsas səbəbini göstərib. Onun sözlərinə görə, bu, ilk növbədə yüksək dağ kəndlərində yanacağın olmaması ilə əlaqədardır.
“Bilirsiniz ki, bu məsələni qadağalarla həll etmək olmaz. Biz bu məsələnin həlli üçün çərçivələr müəyyən etməyə çalışırıq”,- deyə o söyləyib.
Meşələrin qırılmasının digər səbəbi respublikanın mərkəzi regionunda restoranlar üçün kömür tədarükü ilə bağlıdır.
“Hazırda bizim əsas vəzifəmiz bu məsələləri həll etməkdən ibarətdir”,- deyə H.Bağırov qeyd edib.
F.İsazadə