Bazar ertəsi Gəncə Apellyasiya Məhkəməsində mayın 5-də erməni kəşfiyyatçı Arsen Baqdasaryana oxunan hökm üzrə verilən apellyasiya şikayətinə baxılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Proses Gəncə Apellyasiya Məhkəməsinin hakimi Teyyub Muxtorvun sədrliyi ilə keçirilir.
Mayın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilən A.Baqdasaryanı 15 il müddətinə azadlıqdan məhrum edib.
Cinayət işinin materiallarına əsasən, Ermənistanda xüsusi təlim keçmiş Arsen Eduardoviç Baqdasaryan iki hərbçi yoldaşı ilə birgə 2014-cü il dekabrın 26-da Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini gizli olaraq keçib. Onlar özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minadan 3 ədədini Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində yerləşdiriblər.A.Baqdasaryan geri qayıtmaq istəyərkən Ağdam rayonunun Zəngişalı kəndi ərazisində tutulub.
Qeyd edək ki, A.Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub.
F.Mehdiyev