Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci il üçün Azərbaycanda ÜDM artımı üzrə proqnozu 1,8%-ə qədər yaxşılaşdırıb. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Raca əl-Mərzuqi bazar ertəsi mətbuat konfransında bildirib.
“Devalvasiyadan dərhal sonra (2015-ci ilin fevral ayında 33,5% - İF-Az) biz cari il üçün Azərbaycanda ÜDM-in artımını 0,6% səviyyəsində proqnozlaşdırmışıq. Lakin Azərbaycana səfər zamanı hökumətin fəaliyyəti, statistik, həmçinin cari ilin yanvar-aprel aylarında qeyri-neft ÜDM-in 6,5% səviyyəsində artımına dair məlumatlarla tanış olduqdan sonra proqnozumuzu yaxşılaşdırdıq”, - deyə R.əl-Mərzuqi qeyd edib.
Onun sözlərinə görə, BVF 2015-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-in artımını 3,5% səviyyəsində proqnozlaşdırır.
Missiyasının rəhbəri əlavə edib ki, BVF 2016-cı ildə Azərbaycanda ÜDM-in artımını 2,8%, qeyri-neft sektrounun artımını 4,5% səviyyəsində proqnozlaşdırır.
“Nominal ifadədə biz 2015-ci ildə Azərbaycanda ÜDM-in 66 mlrd. manat, 2016-cı ildə 68 mlrd. manat olacağını gözləyirik”, - deyə R.əl-Mərzuqi vurğulayıb.
R.əl-Mərzuqinin başçılıq etdiyi BVF missiyasının Bakıya səfəri bazar ertəsi başa çatır.
Səfər çərçivəsində missiya hökumətlə Azərbaycanda makroiqtisadi vəziyyəti, iqtisadi prosesləri və fondun Azərbaycan üzrə mütəxəssislərinin proqnozlarının yenilənməsi məqsədilə onların perspektivlərini müzakirə edib.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. 2006-cı ildən Azərbaycan hökuməti BVF-dan alınmalar həyata keçirmir və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində aparılır.
A.Axundov