Bakıda bir sıra restoranlarda "Azerbaijan breakfast" (AB) milli səhər yeməyi brendinin təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İçərişəhərdə yerləşən milli restoranların birində Azərbaycanda fəaliyyət göstərən 4 və 5 ulduzlu mehmanxanaların baş menecerləri üçün brendin təqdimatı olub.
Mərasimdə Azərbaycanın səhər yeməyi ənənələri, "Azerbaijan breakfast" səhər yeməyi kompleksinə daxil edilmiş milli kulinariya məhsulları təqdim olunub xalqımızın mətbəx ənənələrinin xüsusiyyətləri, həmçinin layihənin məqsədləri və tətbiqi qaydaları haqqında geniş məlumat verilib, layihənin həyata keçirilməsi istiqamətində iştirakçılarla gələcəkdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Layihə Azərbaycanın səhər yeməyi ənənələrinin qeyri-maddi irs nümunəsi kimi təqdim və təbliğ edilməsi, təhriflərə və mənimsəmələrə yol verilməməsi məqsədilə hazırlanıb.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin səyləri sayəsində Azərbaycan brend üzərində müstəsna hüquqa malikdir.
A.Zeydullayeva