Yaxın iki il ərzində Bakının ən böyük məktəblərindən birinin yeni binası istifadəyə veriləcək. Bu barədə təhsil naziri Mikayıl Cabbarov məlumat verib.
“Yeni məktəb binasının tikintisinin 2016-2017-ci illlərdə başa çatdırılması planlaşdırılır, bütün işlər təsdiq edilmiş plana uyğun yerinə yetirilir”, - deyə M.Cabbarov çərşənbə axşamı jurnalistlərin Bakı Şəhər İcra Hakimiyyətinin məktəbin yerində park salınacağı barədə bəyanatına dair sualı cavablandırarkən qeyd edib.
Onun sözlərinə görə, Bakının 20 nömrəli məktəbi ölkənin ən böyük məktəbidir, məktəbdə 3 minə yaxın şagird təhsil alır, 100-110 sinif otağı var, innovativ təhsil metodlarından istifadə olunur.
Nazir, həmçinin qeyd edib ki, son illər Bakı Şəhər İcra Hakimiyyəti bu istiqamətdə böyük işlər həyata keçirib, onlarla yeni məktəb binası tikib.
“Bu məktəbin şagirdləri iki müxtəlif məktəbə yerləşdiriliblər və hesab edirəm ki, hər şey planlaşdırıldığı kimi getsə, 2016-2017-ci illərdə məktəb açılacaq. Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı heç bir problem olmayacaq”,- deyə M.Cabbarov qeyd edib.
N.Abbasova