Tarif (qiymət) Şurası 9 iyun tarixindən etibarən dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən doldurulan qiymət tənzimlənməsi məqsədilə təsdiq edilmiş bəyannamə formalarının qəbuluna başlayır. Bu barədə Tarif Şurasının məlumatında qeyd edilir.
Bazar ertəsi keçirilən iclasda Tarif Şurası “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” və bəyannamə formalarını təsdiq edib. Təlimat özündə dövlət qeydiyyatına alınmış dərman vasitələri üçün bazis qiymətlərin müəyyən edilməsi, həmin dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin hesablanması üsullarını ehtiva edir.
Tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, Tarif Şurası 10 istinad ölkəsi (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) seçib.
Bir neçə gün əvvəl isə Azərbaycan hökuməti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib.
A.Axundov