2015-ci ilin may ayında Azərbaycanda deflyasiya aprel ayı ilə müqayisədə 0,6% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
2015-ci ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,5% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1% bahalaşıb.
Statistik məlumatlara əsasən, may ayında ərzaq malları qrupu üzrə buğda ununun, balıq məhsullarının, qoyun və toyuq ətinin, süd məhsullarının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, alçanın, çiyələyin, kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, kartofun, soğanın, sarımsağın qiymətlərində ucuzlaşma qeydə alınıb.
Eyni zamanda, may ayında qarabaşaq yarmasının, yumurtanın, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, göyərtinin, çuğundurun, kökün qiymətlərində bahalaşma müşahidə olunub.
Qeyri-ərzaq malları qrupunda parçaların, geyimin, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının qiymətləri bahalaşıb. May ayında səsin və təsvirin qəbulu, yazılması və əks etdirilməsi üçün qurğuların qiymətlərində ucuzlaşma qeydə alınıb.
May ayında əhaliyə göstərilən pullu xidmətlərdən respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tarifləri və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma qeydə alınıb, MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.
N.Abbasova