Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Bərdə şəhərindəki İmamzadə kompleksində abadlıq işləri ilə tanış olublar. Bu barədə DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.
QMİ və DQİDK sədrlərinə Azərbaycan Prezidenti yanında Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” proqramı çərçivəsində burada aparılan abadlıq işləri, kompleksin tarixinin öyrənilməsi, təbliği layihəsi barədə məlumat verilib.
Qeyd edilib ki, abidənin ümumi görünüşünə heç bir müdaxilə etmədən yerli ustalar tərəfindən abadlıq işləri aparılıb. XVII-XIX əsrlərə aid ərəb və fars dillərində qəbirüstü yazılar və daş kitabənin mətni dilimizə çevrilərək müasir əlifba ilə dəmir lövhəyə köçürülüb. Türbənin gümbəz tipli dam örtüyünün sıradan çıxmasının qarşısı alınıb, digər işlər həyata keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası və Bərdə Rayon İcra Hakimiyyəti ilə birlikdə burada iki elmi konfrans keçirilib. Həmçinin “Bərdə və Bərdə İmamzadəsi” sənədli filmi çəkilib, eyni adda kitab nəşrə hazırlanıb. Bilik Fondu tərəfindən “Məscid kitabxanası” layihəsi çərçivəsində İmamzadə kompleksinə 200 adda kitab hədiyyə edilib.
A.Paşazadə və M.Qurbanlı İmamzadə kompleksində aparılan işləri yüksək qiymətləndiriblər.
F.İsazadə