Enerji sahəsində əməkdaşlıq Azərbaycan və Meksika arasında münasibətlərin inkişafında mühüm rol oynaya bilər. Meksikanın Azərbaycandakı birinci səfiri Xuan Rodriqo Labardini Flores belə hesab edir.
“Azərbaycanla Meksika arasında iqtisadi əməkdaşlıq hələlik ilkin mərhələdədir. Ticarət dövriyyəmizin həcmi təxminən $2 mln. təşkil edir. Lakin biz ticarəti inkişaf etdirməyə və bu göstəricini artırmağa çalışacağıq. Bu mənada enerji əməkdaşlığı böyük rol oynaya bilər”, - deyə X.Flores “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Diplomatın sözlərinə görə, əməkdaşlığın ilkin mərhələsində ticarət, mədəniyyət və idman sahələri fəaliyyətin prioritet istiqamətləri olacaq.
“Azərbaycanla əməkdaşlığa indi başlayırıq. Aramızda olan böyük məsafəyə baxmayaraq, mədəniyyət vasitəsilə yaxınlaşmağa çalışırıq. Ticarət və idman sahələri də bu mənada yardım edəcək”, - deyə Meksikanın səfiri qeyd edib.
“Azərbaycan ağır atletika, güləş və gimnastika, Meksika idmançıları isə suya tullanma, güləş və boks, həmçinin kamandan oxatma kimi idman növlərində güclüdürlər. Biz müsbət təcrübə mübadiləsi apara bilərik, bu, bizim yaxınlaşmağımıza kömək edəcək”, - deyə o əlavə edib.
F.İsazadə