2015-ci ilin yanvar-may aylarında Milli Depozit Mərkəzi (MDM) nominal dəyəri 222 mln. 121,981 min manat olan səhmlərin əlavə emissiyası üzrə əqdlər qeydiyyata alıb ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 9,7 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə MDM-dən məlumat verilib.
Mərkəzin məlumatına əsasən, 2015-ci ilin yanvar-may aylarında MDM-də səhmlərin əlavə emissiyası üzrə emitentlərin 113 əqdi, o cümlədən 99 mln. 347,804 min manat məbləğində 54 əqd qeydiyyata alınıb.
Hesabat dövründə MDM qiymətli kağızların emitentləri ilə 17 müqavilə, o cümlədən mart ayında 1 müqavilə bağlayıb.
Cari ilin yanvar-may aylarında MDM tərəfindən nominal dəyəri 931 mln. 285,544 min manata bərabər olan 2,034 min, o cümlədən may ayında 233 mln. 41,578 min manat məbləğində 311 birja əqdinin qeydiyyatı həyata keçirilib.
Bundan başqa, hesabat dövründə MDM nominal dəyəri 58 mln. 111,545 min manat olan qiymətli kağızlarla 132 birjadankənar əqd, may ayında isə 52 mln. 880,572 min manat məbləğində 43 əqd qeydiyyata alıb.
MDM 1997-ci ilin sentyabr ayında yaradılıb. 1999-cu ildə Mərkəz Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin balansına verilib. Bununla əlaqədar 1999-cu ilin sentyabrında MDM təkrar qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 1,4 mln. manat təşkil edir. MDM 1,2 minə yaxın emitentə xidmət göstərir.
A.Əzizov