“Norm” şirkəti 2015-ci ildə 1,1 mln. ton sement, 240 min ton klinker istehsal etməyi planlaşdırır. Bu barədə çərşənbə günü jurnalistlərə şirkətin baş icraçı direktoru Hasan Yalçınkaya məlumat verib.
“Sement zavodu ötən ilin ortalarında işə salınıb, həmin ilin yekunları üzrə 540 min ton sement istehsal olunub”, - deyə H.Yalçınkaya qeyd edib.
Zavodun gücü hər il 2 mln. ton sement, 1,6 mln. ton klinker istehsal etməyə imkan verir.
“Bizim nə vaxt tam istehsal gücünə keçəcəyimiz ölkənin tikinti bazarının inkişafından asılıdır. Bu il cüzi azalmadan sonra biz növbəti illərdə sementə olan tələbatın ildə 4,5% artacağını gözləyirik”,- deyə H.Yalçınkaya bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə ölkədə 4,4 mln. ton sement istehsal edilib, 2015-ci ildə istehsalın 3,8 mln. tona qədər azalması gözlənilir.
Xəbər verildiyi kimi, “Norm” şirkəti 2014-cü ilin iyul ayında Cənubi Qafqazda ən iri sement zavodu olan “Norm Sement” zavodunu istismara verib.
“Norm Azerbaijan” MMC Bakının Qaradağ rayonunda sement zavodunun tikintisi məqsədilə 2006-cı il mayın 4-də yaradılıb. Zavodun inşası üzrə layihənin ümumi dəyəri $400 mln. təşkil edib.
Zavodun tikintisini Çinin “China Triumph International Engineering Co LTD” (CTIEC) şirkəti həyata keçirib.
A.Axundov