“Azəryolservis” (R42) Bəhramtəpə-Biləsuvar və (M3) Əliabad-Şorsulu avtomobil yollarının hissələrində yenidənqurma işləri aparmaq üçün podratçıların ilkin seçimini keçirir.
Tender elanına əsasən, tikintinin podratçıları ilə müqavilənin 2016-cı ilin fevral ayında imzalanması planlaşdırılır. Şərtlərə əsasən, hər bir yolda tikinti işləri 24 ay ərzində yerinə yetirilməlidir.
Podratçıların öhdəliklərinə yol örtüyünün dəyişdirilməsi, drenaj sistemlərinin tikintisi, avtomobil yollarının yenidən qurulması üçün lazımi torpaq işlərinin görülməsi, 3 körpünün tikintisi, yol avadanlıqları və yol nişanlarının quraşdırılması daxildir.
İlkin seçim mərhələsində iştirak etmək istəyən şirkətlər 2015-ci il iyulun 23-nə qədər ərizələrini təqdim etməlidirlər. İştirak haqqı 100 manatdır.
(R42) Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 59 km, (M3) Əliabad-Şorsulu avtomobil yolunun uzunluğu 15 km təşkil edir. Tikinti işləri Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına maliyyələşdiriləcək.
Xəbər verildiyi kimi, AYİB Direktorlar Şurası respublikada avtomobil yollarının yaxşılaşdırılması üzrə layihələrin maliyyələşdirilməsi üçün Azərbaycana hər tranş $250 mln. olmaqla $750 mln. məbləğində vəsaitin ayrılmasını təsdiqləyib. Layihənin ümumi dəyəri $900 mln.-dur. Qalan $150 mln. Azərbaycan hökuməti tərəfindən ayrılacaq.
2011-ci ilin dekabr ayında Azərbaycan hökuməti və AYİB $250 mln. məbləğində ilk tranşın ayrılmasına dair saziş imzalayıblar. İlk tranş vəsaitləri Mingəçevir-Bəhramtəpə avtomobil yolunun yenidən qurulmasına yönəldilib.
N.Abbasova