“VTB Bank” Azərbaycanda sement istehsalçısı olan “Norm Azerbaijan” MMC-yə kredit təqdim edə bilər. Bu barədə “VTB Bank (Azerbaijan)”-ın Pərakəndə Biznes Departamentinin rəhbəri Tural Vəliyev məlumat verib.
“Biz “VTB Bank” və “VTB Kapital” şirkəti ilə “Norm Azerbaijan” şirkətinə yeni kreditin təqdim edilməsinə dair danışıqlar aparırıq. Yeni kreditin məbləği daha əvvəl verilmiş kreditlərin məbləğindən artıq olacaq”, - deyə T.Vəliyev bildirib.
Onun sözlərinə görə, artıq cari ilin sonuna qədər müqavilə imzalana bilər.
Öz növbəsində “Norm Azerbaijan” şirkətinin maliyyə direktoru Fuad Behbud jurnalistlərə məlumat verib ki, indiyədək şirkət “VTB Bank (Azerbaijan)”-dan ümumilikdə 10 mln. manat məbləğində kredit cəlb edib. “3-4 mln. manat məbləğində kredit əməliyyat xərclərinin, qalan hissə investisiya kreditinin payına düşür”, - deyə F.Behbud qeyd edib.
O bildirib ki, şirkət kreditləri qrafikə uyğun ödəyir, ödənilməli olan borcun məbləği 2,8 mln. manatdır.
F.Behbud əlavə edib ki, indiyədək müəssisəyə $320 mln. həcmində investisiya yatırılıb, bunun 60%-ni səhmdarların vəsaitləri, 40%-ni cəlb olunan kreditlər təşkil edir.
“Kredit borcumuzun 30%-i xarici valyuta, 70%-i manatladır”, - deyə F.Behbud vurğulayıb.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
“Norm Azerbaijan” MMC Bakının Qaradağ rayonunda sement zavodunun tikintisi məqsədilə 2006-cı il mayın 4-də yaradılıb. Zavodun tikintisini Çinin “China Triumph International Engineering Co LTD” (CTIEC) şirkəti həyata keçirib.
A.Axundov