Azərbaycanın “Silk Way Business Aviation” şirkəti “Gulfstream G650” tipli ikinci yüksəksürətli və iriqabaritli təyyarə alıb. Bu barədə şirkətin məlumatında bildirilir.
“Beləliklə, şirkətin aviaparkında belə tipli təyyarələrin sayı ikiyə çatıb. İlk “Gulfstream G650” tipli təyyarə bu ilin mart ayında Bakıya gətirilib. “Gulfstream G650” tipli təyyarənin alınması uçuşların coğrafiyasını genişləndirməyə və qonşu regionlardan yeni müştərilər cəlb etməyə imkan verəcək”, - deyə məlumatda qeyd edilir.
“Silk Way Business Aviation” hazırda Xəzər regionunda biznes-aviasiyanın ən iri operatorlarından biridir. Şirkətin parkında müxtəlif tipli 8 ədəd “Gulfstream” təyyarəsi var. Həmçinin şirkətin parkında “Boeing 727” reaktiv təyyarəsi və regional turbovintli “ATR-42-500 VIP” təyyarəsi mövcuddur.
“SW Business Aviation” şirkəti daha çox Moskva, London, Dubay və İstanbul şəhərlərinə uçuşlar həyata keçirir.
Hazırda Heydər Əliyev Beynəlxalq Hava Limanında biznes-aviasiya təyyarələri üçün 40 parklama yeri ayrılıb ki, bu da Birinci Avropa Oyunlarına gəlmək istəyənlərin hamısını problemsiz qəbul etməyə imkan verəcək.
N.Abbasova