Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)bu gün orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə, Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir.
İmtahanda 25192 nəfər IX, 20,855 min nəfər XI sinif şagirdinin iştirakı gözlənilir.
IX sinif şagirdlərinə Ana dili və Riyaziyyat fənlərinin hər birindən 30 sual təqdim edilir. Bundan başqa, şagirdlər mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Tapşırıqların yerinə yetirilməsi üçün 2 saat vaxt ayrılır.
XI sinif şagirdlərinə Ana dili, Riyaziyyat və Xarici dil fənlərinin hər birindən 30 sual təqdim edilir. Onlar da verilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Tapşırıqların yerinə yetirilməsi üçün 165 dəqiqə vaxt ayrılır.
İyunun 2-də və 6-da Bakıda və bir sıra rayonlarda buraxılış imtahanları keçirilib.
A. Zeydullayeva