Təhsil Nazirliyi X-XI sinif şagirdləri üçün məktəb proqramını sadələşdirib. Bu barədə Təhsil Nazirliyinin məlumatında bildirilir.
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə 2015-2016-cı dərs ilindən 10-11-ci siniflərdə tədrisin təmayüllər üzrə təşkil olunacağı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərində yerləşən 50 məktəbin siyahısı və tədris planları təsdiqlənib.
Bu məktəblərdətədris 4 təmayül istiqaməti üzrə (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət ) aparılacaq.
Tədris olunacaq fənlərin sayı texniki fənlər təmayüllü siniflərdə 9, riyaziyyat-iqtisadiyyat və humanitar fənlər təmayüllü siniflərdə 8, təbiət fənləri təmayüllü siniflərdə 10-dək azaldılıb.
Təmayül istiqamətindən asılı olmayaraq, tədris planlarında Azərbaycan dili (rus bölməsində rus dili), xarici dil, ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı fənləri saxlanılır.
Təmayül sinifləri mövcud qaydalara uyğun olaraq şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək.
Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə bir neçə il öncə tətbiq olunmağa başlayıb. Bu məktəblər üçün fənlərin sayı 18-dən 13-ə azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Sonrakı illərdə daha 3 müəssisə pilot məktəblər siyahısına daxil olunub.
Layihənin nəticələrinin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib.
A.Zeydullayeva