Prezident İlham Əliyev ilə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn San-Marino dövlətinin başçıları, San-Marino Regent Kapitanları Andrea Belluzini və Roberto Venturunin görüşündə ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.
Prezident İ.Əliyev iyunun 12-də Bakıda mötəbər beynəlxalq idman yarışının - birinci Avropa Oyunlarının başlamasının və Avropadan çoxlu sayda idmançının bu yarışlarda təmsil olunmasının önəmini qeyd edib.
Dövlət başçısı yarışlarda iştirak edəcək San-Marino idmançılarına da uğurlar arzulayıb. O, San-Marinonu təmsil edən nümayəndələrin ölkəmizlə yaxından tanış olmaları üçün də tədbirin yaxşı imkan yaradacağına əminliyini ifadə edib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan ali qonaqlar bildiriblər ki, onların bu mötəbər idman yarışlarında iştirak etmələri Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi işlərə göstərdikləri hörmətin ifadəsidir.
Görüşdə birinci Avropa Oyunlarının xalqların bir-birini daha yaxından tanıması və xalqlar arasında humanitar və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verdiyi vurğulanıb.
R.Babayev