İran və Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yeni imkanlar açır. Bu barədə Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə Təbriz şəhərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə nümayəndə heyətini qəbul edərkən bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, İ.Cabbarzadə qeyd edib ki, Şərqi Azərbaycan Vilayətində iqtisadiyyatın, xüsusilə sənayenin inkişafı sahəsində böyük potensial var. Yeni istehsal müəssisələrinin yaradılması, xarici investorların fəaliyyətinin dəstəklənməsi sahəsində müvafiq tədbirlər görülür. O, Ali Məclis sədrinin səfərinin müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün yeni perspektivlər açacağını deyib.
Öz növbəsində V.Talıbov qeyd edib ki, ikitərəfli əlaqələr mehriban qonşuluq prinsipləri əsasında inkişaf edir, təhsil, iqtisadi-ticarət, kənd təsərrüfatı və səhiyyə sahəsində səmərəli əməkdaşlıq mövcuddur, gələcəkdə idman və mədəniyyət sahəsində əlaqələrin qurulması üçün də yaxşı potensial var. V.Talıbov vurğulayıb ki, muxtar respublikada iqtisadiyyatın inkişafında əsas yeri özəl bölmə tutur, yerli və xarici sahibkarların fəaliyyəti dəstəklənir, onlara güzəştli şərtlərlə kreditlər verilir. Bu da yeni istehsal müəssisələrinin yaradılmasına və xarici iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə zəmin yaradıb. Ali Məclisin sədri deyib ki, Şərqi Azərbaycan Vilayətinin və Naxçıvan Muxtar Respublikasının iş adamları arasında əlaqələrin intensivləşməsinin tərəfdarıdır.
V.Talıbov Şərqi Azərbaycan Vilayətinin ostandarını Naxçıvana səfərə dəvət edib.
Səfər çərçivəsində Naxçıvan MR başçısı Şərqi Azərbaycan Vilayətinin Sərhəd Qüvvələri Komandiri Seyid Müctəba Musəvi ilə də görüşüb. V.Talıbov Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi Azərbaycan Vilayəti arasında sərhəd-keçid məntəqələrinin fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hər iki tərəfin dövlət sərhəd xidmətləri əməkdaşlarının iştirakı ilə görüşlərin keçirilməsi bu işə töhfə verəcək. S.M.Musəvi Şərqi Azərbaycan Vilayəti ilə Naxçıvan Muxtar Respublikasının sərhəd xidmətləri arasındakı əlaqələrin hazırkı vəziyyətindən danışıb.
Görüşdə dövlət sərhəd xidmətləri arasında əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, səfər çərçivəsində Şərqi Azərbaycan Vilayətinin Sənaye, Mədən və Ticarət Palatasının üzvləri və iş adamları ilə görüş keçirilib. Görüşdə sahibkarlar arasında əlaqələrin inkişaf perspektivlərinə toxunulub, hər iki tərəfin mövcud iqtisadi potensialından səmərəli istifadə ilə bağlı məsələlər müzakirə olunub.
Səfər çərçivəsində Naxçıvan MR başçısı Təbriz Universiteti və Təbriz Tibb Universitetində olub. V.Talıbov elm və təhsilin inkişafı və bu sahədə əlaqələrin qurulması, birgə ixtisaslı kadrların hazırlanmasının əhəmiyyətini qeyd edib.
Həmin gün V.Talıbov Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğuna gedib. Bundan sonra İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin ostandarı ilə “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Memorandum” imzalanıb.
Memorandumda qarşılıqlı əlaqələrin və əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsini və daha da inkişaf etdirilməsini nəzərdə tutan memoranduma əsasən beynəlxalq statuslu Culfa-Culfa sərhəd buraxılış məntəqəsinin işinin səmərəliliyinin yüksəldilməsinə səy göstərilməsi, kənd təsərrüfatı sektorunun müxtəlif sahələri, o cümlədən əkinçilik, meyvə-tərəvəzçilik, balıqçılıq, arıçılıq, quşçuluq və digər sahələr üzrə təcrübə mübadiləsinin aparılması, bu sahələrdə iş adamlarının birgə fəaliyyətlərinin dəstəklənməsi haqqında razılığa gəlinib.
Razılaşmaya əsasən, istehsal olunan məhsulların, həmçinin əl işləri və sənət əsərlərinin nümayiş olunduğu sərgilərdə hər iki tərəfdən nümayəndələrin iştirakına səy göstərilməsi, kənd təsərrüfatı, səhiyyə və sənaye sahələrində texniki-mühəndislik xidmətləri göstərməyə və texnologiyalar mübadiləsinin həyata keçirilməsinə şərait yaradılması, turizm sahəsində fəaliyyət göstərən təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması qərara alınıb. Naxçıvan Muxtar Respublikasının və Şərqi Azərbaycan Vilayətinin ali təhsil müəssisələri arasında qarşılıqlı fayda və səmərəlilik əsasında əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadilələrinin həyata keçirilməsi, idman sahəsində mövcud əlaqələrin möhkəmləndirilməsinə, Naxçıvan və Təbriz bələdiyyələri arasında əməkdaşlığın, səhiyyə sahəsində, xüsusilə müalicə turizmi, sanitar-epidemioloji sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapıb.
Q.Hüseynova